Dünənlər və bugünlər – Bədii fəlsəfi esse


20150209_151345Orxan Ata”nın çəkib də yarıda saxladığı filmlərin birində istifadə etdiyi fikir yaddaşıma yazılıb.

“Mən bu yaşıma qədər götlü-başlı qar görmüşəm ki, məndən nəsə gözləyirsiz?”

İfadəni səhv yaza bilərəm. Orxan Ata da üzrlü sayar.

Hər halda Orxanla çox oturmuşluğumuz var.

***

Mən Amerikaya gələndə mədəni şok keçirmədim. Keçirdiyim tək şok saat fərqi idi. Amerika Azərbaycandan saat olaraq 9 saat arxada (oxu: dalda) olsa da mədəniyyət insan haqları olaraq bir əsr qarşıdadır. (oxu: qabaqda)

***

Mən Bakı kəndlərinin ən çox geridə qalanlarından biri olan Bülbülədə doğulmuşam. Məktəb həyatıma 4-5 məktəb sığdırsam da məktəb illərimi əsas olaraq elə öz kəndimizin 208 saylı məktəbində keçirmişəm.

Cəlayir adlı direktorumuz var idi. İndi yoxdu, rəhmətə gedib. Onun otağında kitablarla dolu olan bir şkaf var idi. Kitab şkafında Heydər və İlham Əliyevlərin, Ramiz Mehdiyevin bir zada dərman olmayan lazımsız kitabları üstünlük təşkil edirdi.

O zibil kitablar içində bir kitab uşaq diqqətimi çəkmişdi. Qalın üzlü 500 səhifəlik bir kitab idi. Kitab Amerika tarixi haqqında idi. Adı səhv etmirəmsə – “Amerika tarixi və İstiqlaliyyət bəyənnaməsi” idi. Anam və xalalarım o məktəbdə müəllimə işlədiyindən məktəbin kollektivi ilə ailəvi tanışlıqlarımız var idi. Bir dəfə cəsarət edib Cəlayir müəllimə o kitabı oxumaq istədiyimi bildirdim. Çox oyan-buyan etsə də kitabı oxumaq üçün mənə verdi. Ancaq ciddi-ciddi tapşırdı ki, kitabdan gözlərim kimi muğayat olum.

Kitabı sevincək götürüb evə gəldim və bir neçə gün ərzində kitabı dəfələrlə oxudum. O kitabda nələr yox idi? İnsan haqları, Amerika vətəndaş müharibəsi, soyuq müharibə zamanı və müasir Amerika haqqında hər şey var idi. O zamanlar əlimizin altında olan internet “dial-up” idi. İstədiyimiz məlumatlar bu qədər bizə yaxın deyildi. O kitab mənə canlı vikipediya olmuşdu.

İllər sonra mən Amerikaya ayaq basdım. Nyu-Yorkda təyyarədən düşdüm. O kitab yenidən gözlərim önündə canlandı.

Yadıma anamın ani telefon zəngindən sonra mənə baxaraq “Cəlayir müəllim rəhmətə getdi” dediyi an düşdü.

O kişi çox araq içirdi, kimya dərslərinə gələndə ağzından arağ iyini mən hiss edirdim. Müəllim uşaqları ilk partada oturmalıdırlar axı.

Əziz dostum, şair Aqşin Yenisey demişkən “O, ölümə tələsmirdi, o, ölümə gecikirdi…”

O kişi çox əziyyət çəkmişdi bizim üçün. O kitabı mənə verməklə, bəlkə şüüraltı da olsa mənə nəsə mesaj vermişdi.

Hər halda “N!DA”da olarkən çoxunun məndən soruşduğu bir sual var idi: “Bəy, Bülbülə kimi yerdən necə sənin kimi düşünə bilən biri çıxıb?”

Hər halda bu gün Bülbülə deyiləndə hamının ağlına ilk olaraq Pərviz Bülbüləli gəlir.

Mən o suallara cavab tapa bilmirdim. Bəlkə də cavab Cəlayir müəllimin mənə verdiyi o kitab idi.

***

Mən qışı çox sevirəm. Bəlkə fevral ayında doğulmağımdır səbəb? – Bilmirəm.

Qar, tufan, yağış, buz, mənfi temperatur bunlar qədər məni çox az şey (oxu: zad) sevindirə bilər.

Bəlkə görməmişlikdəndir.

Mən 27 yaşımı yola salıb 2 gün sonra 28 yaşıma salam verəcəyəm. 30-a heçnə qalmayıb.

Mən 27 il ərzində hər il arzu etmişəm ki, “Yeni il günü”- 31 dekabr qar yağsın. Yeni ili qarların içində qeyd edək.

Olmayıb, başıma gəlməyib.

Bir dəfə Bakıya dekabrın 31-i qar yağıb.

2008-ci ilin dekabrın 31-i Bakıya qar yağdı. Mənim arzum yerinə yetdi, ancaq mənsiz oldu o arzu.

Mən 2008-ci ilin dekabrın 31-i hərbi xidmətdə idim. Vətənə almadığım halda borcumu qaytarırdım.

Hərbi hissənin akt zalında oturub AZTV-yə baxırdım. Bakıya qar yağmışdı ancaq mən Salyanın olmayan adsız hündürlüklərində dizə qədər qar altında hansısa vətəni, güya (oxu:tipa) qoruyurdum.

Biz qar, qış nədir görmədik.

Biz fəsillər dəyişir ifadəsindən uzaqda böyüdük.

Bizim üçün fəsillər dəyişdi. Qızmar yay oldu bir də soyuq qarsız qış.

Belə iqlimi olan yerdə yazardan, istedadlı insanlardan nə gözləyə bilərsiz axı?

Cavab: HEÇNƏ!

***

21 gündür (!) ki, yaşadığım əraziyə qar yağır. Tempratur cəmi bir dəfə mənfidən müsbət 1-ə qalxıb. O da bir neçə saatlıq.

“Juno qasırğa”-sıyla başlanan qar tufanı artıq üçüncü həftədir ki, qar yağdırmağa davam edir.

Yol kənarlarında iki metrdən çox qar topaları yığılıb. Yollar hər 15-20 dəqiqədən bir təmizlənsə də asfaltın üzərində buz, qar kütləsi qalmaqda davam edir. Bu 21 gün ərzində təxminən 4 gün iş günü olmayıb. Həm dövlət idarələri həm də özəl sektor istirahət edib.

***

İnsanlar yayı yay, payızı payız, qışı qış, yazı isə yaz kimi keçirirlər.

İnsanlar həyatlarını, yaşayışlarını, hüquqlarını bildiyi yerdə azad, xoşbəxtdirlər.

İnsanlar, inanın mənə, xoşbəxtdirlər.

Üzlərindən zəhrimar yağmır.

Qar yağıbsa, yollar bağlanıbsa dərd etmirlər özlərinə.

Bələdiyyəni, meriyanı söymürlər.

Bellərini (oxu:lopatka) götürüb maşınlarının üzərindəki qarı təmizləyirlər.

Yolları bələdiyyə, meriya təmizləyəcək.

Bunu bilirlər.

Bilirlər ki, qışda qar yağmalıdır. Yollar bağlanmalıdır. Soyuq olmalıdır. Ancaq heç kim yolda qalmayacaq.

Əgər evdə yeməksiz qalsan, polisə zəng edəcəksən və polis də azdan çoxdan ərzaqla səni təmin edəcək.

Həyat asan deyil, ancaq çətin də deyil.

Biz (oxu: siz) nə edirdik?

Bu sualın cavabını sizə saxlayıram.

Bilirəm ki, onsuz da fevralı aprel kimi keçirirsiz. Bir-iki gün qar yağdı onda da aləm dəydi bir-birinə.

Ara yerdə də Azərbaycanın yeganə düz danışmağa çalışan adamı olan Umayra Tağıyevanı istefaya göndərtdiz.

Həyat fəsilləriylə gözəldir. Həyat insanlarıyla gözəldir. Həyat xoşbəxtliyi yaşayanda gözəldir.

Yaşayın, xoşbəxtliyi yaşayın, payızı, yazı, yayı, qışı yaşayın…

***

Etibar Salmanlı (Etibarlı)

Amerika Birləşmiş Ştatları

BOSTON

9 fevral 2015

5:23 PM (17:23)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma