2014 necə keçdi və ya keçən ilə Etibarlı baxış…


122

 

 

 

 

Əslində, bu tip yazılar yazmaq çox xoşuma gəlir.

Çünki bu tip yazılarda elə hey tərifləyirsən özünü.

Tərif eşitməkdən daha gözəl bir şey varmı ki, bu dünyada?

Ataların sözünü bu yerdə yadımıza salırıq.

“Özün özünə əl çalmasan, sənə heç kim əl zad çalan deyil”…

Mən də 2014-ümün hesabatını verməyi özümə borc bildim.

2014 mənim üçün çox sürətlə başladı və sürətlə də davam etdi.

Həyatımda ən vacib iki qərarı bu il verdim.

Birincisi o idi ki, “heç vaxt evlənmərəm” deyən adam yanvarın 15-ində evləndi.

Milli-mentalitetə, adət-ənənələrə qarşı olan biri kimi mən də valideynlərimə məğlub oldum. Şadlıq sarayı, nişan, toy, şampan falan-filan hamısı oldu.

Ancaq bir məsələdə evdəkilərlə razılığa gəldik ki, toydan dərhal sonra  heç olmasa bir neçə günlük bu stresi atmaq üçün Tiflisə istirahətə gedək.

Toy isə dəhşət keçdi. Rəhmətlik 1937.azın kollektivi və ictimai sektorun uşaqları  “Bəy havası”ndan “Du hast”-a qədər hər şeyi oynadılar.

Toyun ən yaxşı söhbəti isə Aqşin Yeniseyin uzun bir çıxışdan sonra musiqiçilərdən xalq mahnısı “Suzanna”nı sifariş etməsi oldu.

Toyda zülm çəkən Azər Nəzərova, Nicat Quluzadəyə xüsusi təşəkkürlər. Onların zəhmətini danmaq günah olardı.

Fevralda  1937.az saytını bütün “barmaqeləmələrə” rəğmən ciddi bir sayta çevirib hamıya tanıtdıra bildik.

Mart ayında isə mənim hər zamankı tək tərs xasiyyətim işə düşdü və hansısa proyekti zirvədə olanda tərk elədim. 1937.az saytından şairimiz Aqşin Yeniseyin getməsindən sonra mən də istefa verərək şef-redaktorluqdan özüm-özümü uzaqlaşdırdım.

Bu zaman kəsiyində mənə facebook üzərindən birazca hücum oldu. Neçə-neçə “tanınmış insanlar, aktivist və aktivistkalar” sən hökumətə, mtn-ə işləyirsən deyib, məni qaralamağa çalışdılar, dostluqdan sildilər. Axırda nə oldu? İnanın ki, heçnə olmadı. Mən mtn işçisi olmadım, ancaq onlardan bəziləri mtn işçisi çıxdı. Hələ bir jurnalist də var, özü çiyinlərində mtn leytenantı paqonu daşıyır amma məni dostluqdan silib, mənə vicdandan dərs keçir. Özü də “Ən yaxın dostu” kürdəxanıda yatan zamanda.

Onların küyünə gedənlər isə yavaş-yavaş üzr istədilər.

Üzr istəmək kişilikdəndir deyiblər.

Şəxsən mən də ölkənin ən çox oxunan bloqundan üzümü hamınıza tutub deyirəm ki: “Əziz dostlarım və dost olmayanlarım əgər xətrinizə dəymişəmsə, qəlbinizi sındırmışamsa, ümidinizi qırmışamsa hamınızdan üzr istəyirəm!”

May ayında xüsusi dəvətlə özümü teleqraf.com saytının “web-redaktor”luğu vəzifəsində sınadım. Təxminən ay yarımlıq təcrübədən sonra məlum oldu ki, bu işi də yarıda bilərəm amma ki, yarıda buraxmaq ən yaxşı variantdır.

İyun ayında isə həyatımın ikinci ən böyük qərarını verərək “çiçəklənən və günü-gündən inkişaf edən Azərbaycan” adlanan bataqlığı tərk elədim. Olan qalan istedadımı, enerjimi bu xalqa xərcləməmək qərarı aldım.

Bura qədər oxuyub: “ƏƏƏƏƏ,  bu nə qədər özünü tərifləyib demisiz, yüz faiz. Oğraşdı yalan deyən!”

Uzun müddət üzərində çalışdığımız planı işə saldıq. İyun ayının 16-sı Bakı-Doha-Nyu York marşrutundan istifadə edərək Günelimlə azadlıqlar və imkanlar ölkəsinə təşrif buyurduq.

Demək olar ki, Amerika mənim xəyallarımda olan ölkənin beş aşağı, beş yuxarı eynisi idi.

Boston meqapolisinin yaxınlığında məskunlaşaraq yaşamağa başladıq.

İyun ayından sonra keçən aylar rahat, normal tam da olmasa 90 faiz ürəyim istəyən kimi olub.

Onları yazmağa ehtiyac yoxdur. Onlar haqqında statuslarımda məlumat vermişəm.

Dekabr ayında çox maraqlı və gözəl hadisələr baş verdi.

İlk dəfə Christmas, Black Friday necə olur öz gözlərimlə gördüm.

Dekabrın son günlərində isə dostlar Zaur Qurbanlı və Üzeyir Məmmədli azad edildilər. Səkinə xalanın, Araz bəyin gözləri aydın olsun!

2014-ü yola verdik, qısaca, 2015-dən gözlədiklərimi də yazıb yazını yekunlaşdırım.

2015-də ilk işlərimdən biri üç ildən bir az çoxdur üzərində işlədiyim romanı bitirərək tərcümə elətdirib ingilis dilində, Amerikada çap etməkdir. 2015-in dekabrında çapa getmək məqsədim var. Gözləyin!

Ancaq ən əsas işim canım sevgilim, mənim bütün işlərimdə dəstək olan Günelimlə xoşbəxt olmaqdır.

Xoşbəxt olduqdan sonra yuxarıda qeyd etdiklərimi çox rahatlıqla həll edəcəyimə adım kimi əminəm.

2015-dən bir də istəyim var.

2015-dən ən geci Novruz bayramında gözəl və dəyərli insan, müəllimim İntiqam Əliyevin, dostlarım Rəşadət Axundovun, Rəşad Həsənovun, Rəsul Cəfərovun, Bayram Kürdəxanılının, İlkinin, Xədicə İsmayılın, Hacı Talehin azad edilməsini istəyirəm. Dostlara Azadlıq yaraşır. Emin Hüseynov isə qeybdən zühur eləsin. Camaatın gözləri yolda qalıb…

Belə bir yazı yazaraq Yanvarın ikisində 2014-ün yekun notlarını vururam.

Özünüzdən muğayat olun.

2 Yanvar 2015

Weymouth, ABŞ.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma