Yol qeydləri  II və ya Avropa dağılır.


Yol qeydləri  II və ya Avropa dağılır.
(Amsterdam, Almere City, haqqında)

Qısaca Avropa.
Londonun Heatrou aeroportundan çıxıb müvəqqəti qalacağım məkana gələrkən əsasən camaatın üzünə fikir verirdim. Burda dəqiq anladım ki, əsas məsələ gülər üz olmaqdır.
Aeroportda dostum qarşıma çıxdı  və  ondan ilk istədiyim şey siqaret çəkməyə bir yer göstərməsi oldu. Doyunca siqaret çəkəndən sonra qatar stansiyasına getdik. Qatar yazıldığı kimi elə düz vaxtında gəldi və gecəni qalacağımız evə doğru yola çıxdıq.
Yol boyu əsasən diqqət etdim ki, avropa çökür.
Yəni Aztv yalan danışmır. Sözün əsl mənasında səfalət hökm sürür. Hər yanda velosipedlər var. Hətta velosipedlər üçün ayrıca yollar da salınıb. Xususi  işıqforlar da qoyulub.
Bahalı maşın sürən çox həddən artıq azdır. Bu da onu göstərir ki, “Biz” avropanı necə qabaqlamışıq iqtisadi inkişafda.
Yol mədəniyyəti demişkən burda piyadalara dəhşətli önəm verirlər. Piyada işıqforları var və yolunu onunla planlamalısan.
Ancaq qırmızı səki ilə (velosipedlərin yolu) getsən velik sürənlər sənə siqnal verəcək. Qışqıra da bilərlər.
Avropada xala problemi (AXP) yoxdur. Xalalar hamısı velosiped sürür. Kiçik tonnajlı xalalardan tutmuş iri tonnajlısına qədər. Bu yaxınlarda iri tonnajlı bir xala gördüm ki, 5 mənim boyda idi ancaq elə gözəl velosiped sürürdü ki, lap öz yerimə utandım.
Ümumiyyətlə avropada nəqliyyat sistemi o qədər intellektualdır ki, mənim intellektim baş çıxara bilmədi bu avtobus, qatar, trolleybusdan. Taksi çox baha olduğundan əsasən gedəcəyim yerlərə ayaqla getdim. Xəritə də yol yoldaşlıq elədi mənə .
Amsterdam
İki günlük yol yorğunluğumu atan kimi ilk ziyarətimi Hollandiyaya, Amsterdama elədim.
Amsterdam sizə elə belə şəhər gəlməsin. Şəxsən mən özümü çox dünyagörüşlü biri sayırdım o şəhəri görənə qədər. Ancaq Amsterdamda sözün əsl mənasında “kültürel şoka” düşdüm. Amsterdamın girişində artıq hiss elədim ki, “bizim” istədiyimiz şəhər elə Amsterdam imiş.
Yadıma Aqşin Yeniseyin bu misrası düşdü : “Sən şəhər olmayacaqdın Bakı…”
Şəhərə ayağımı basan kimi balaca bir gəmi ilə Amsterdam kanal turuna çıxdım. Qiymətini bilmirəm çünki məni qonaq edən dostum əvvəldən hər bir şeyin pulunu ödəmişdi.
Kanal turunda olarkən ağzım açıq şəkildə şəhərin gözəlliyini seyr etdim. Tur bitən kimi sahilə çıxdıq və şəhəri gəzməyə başladım.
Amsterdamda azmaq, itmək mümkündür. Kiçik şəhərə oxşasa da görüləsi çox yeri var. Ağzını açaraq ora bura baxacaqsan və görəcəksin ki, bayaq olduğun yerdə deyilsən artıq.
Ancaq azıb, itsəz düşünməyin ki, kimdənsə yolu soruşacaqsız. Soruşsaz belə çətin istədiyiniz yerə gedib çıxasız çünki şəhərdə əhalidən iki dəfə çox sayda turist var.
Gün ərzində 1 milyon turisti qəbul edib, 1 milyonunu da yola salır bu azadlıqlar şəhəri.
Amsterdamın körpülərini gəzəndən sonra Dam adlanan mərkəzdəki abidəyə baxırdım və düşünürdüm ki, niyə görə amsterdamlılar bu qədər kişi cinsi orqanına maraqlıdırlar. Abidəyə fikir versəz görərsiz ki, kişi cinsi orqanına oxşayır.
Özümə söz verdim ki, Bakıya qayıdandan sonra facebookdan bezdiyim gecələr bu barədə araşdırma aparıb , özümü maarifləndirəcəyəm.
Küçələri gəzərkən yadıma düşərkən Amsterdamda iki əsas muzey var. Biri “Amsterdam sex museum”-dur digəri isə Marixuana muzeyidir.
Başımı qaldırıb gördüm ki, düz elə seks muzeyinin qarşısındayıq.
Adambaşına 4 avro verib muzeye daxil olduq və eramızdan əvvəldən bu günə qədər olan seks tarixi ilə qarşılaşdıq. Daşdan kişi cinsi orqanlarından tutmuş 60-70 ci illər ilk porno videolar, fotolar sözün əsl mənasında hər şey. Bir xeylam şəkil də çəkmişəm bakıda olanda paylaşacağam bloqumdan. 4 mərtəbədən ibarət muzeyin hər hissəsi  bir mədəniyyətə məxsusdur Markiz de Sad otağından tutmuş yapon, çin porno, seks mədəniyyətinə  qədər. Muzeydə hətta hazırda azərbaycan xalqına, mentalitetinə çox lazımlı olan “bakirəlik kəməri” də var idi.
Muzeydən çıxıb Qırmızı fanarlar küçəsini axtarmağa başladıq. Bir az şəhəri gəzdikdən sonra o küçəni də tapdıq. Heyif ki, orda şəkil çəkməyə icazə yox idi. Pəncərələrdəki qadınlara tamaşa edərək küçəni o baş bu baş gəzdik və çox xoşuma gəldi şəhərin o hissəsi. Hər tərəfində seks şoplar, seks oyuncaqları, geyimləri falan-filan…
Amsterdamın tanınmış ikinci muzeyini getməyə həvəsim olmadı. Sözün düzü axtarmağa həvəs olmadı. Marixuana muzeyini gəzmək elə də vacib deyil şəhərin küçələri onsuz da muzey kimi bir şeydir. Mağazalarda marixuanadan tutmuş “mushroom” yəni zəhərli göbələyə qədər hər şey var idi.
Bir bülbüləli olaraq yeni bir zad kəşf etdim özümə. Mağazaları gəzərkən mushroomlar çıxırdı qarşıma. İlk öncə bilmədim nədir bunlar düşündüm ki, marixuanın bir növüdür. Sonralar Araz Önər  Alkmaarda olarkən anlatdı ki, bu mushroomlar marixuana deyil bildiyimiz göbələklərdir. Ancaq fərqi odur ki, bunlar zəhərlidir və bunu yeyirsən avtomatik olaraq zəhərlənirsən. Zəhərlənmə ürəkbulanması və qusmaq yaradır. Əgər bu qusmaq prosesisini qusmadan keçərsən prosesin əsas hissəsi başlayır və bir neçə saatlıq beynin çox sürətlə işləməyə başlayır. (Araz Önər ancaq əks fikir olaraq bildirdi ki, mushroom zəhərlənməsi zamanı beyin çox yavaşlayır və rahat şəkildə hadisələrə reaksiya verə bilirsən) Sözün düzü mushroomu yoxlamadım ancaq mushroomlu lolipop sourdum. Sourma əsnasında yarım saat falan ayaqlarımı hiss etmədim. Gəzməyinə gəzirdim ancaq özümü göynən getdiyimi hiss edirdim.
DrugShoplarda (marixuana, mushroom və o tip zadlar satıldığı yer) hətta “Öz nəşəni, özün ək!” tipli toxumlar da satırdılar. Hollandiyada yaşayasan, bir bağ-bağçan ola əkib, yetişdirib çəkəsən sonra da oturub oxuyub, yazasan. Yaradıcılıqla məşğul olasan.
Amsterdamda əsas məsələlərdən biri də hippilərin, reggi xəstələri, yamayka bayraqları, bob marley musiqiləri bolluğu idi. Mənə görə avropanın yamaykası amsterdamdır.
Ancaq mənim deməyimlə anlamazsız. Məndə Seymur Baycan qədər bədii təsvir qabiliyyəti yoxdur. Mütləq gəlməli, öz gözünüzlə görməlisiz.
Hollandiyada kitab mağazalarına da getdim. Kitablar bizim üçün baha, onlar üçün isə ucuz idi. Saatlarla mağazalarda dayanıb kitabları varaqladım, dizaynlara fikir verdim. Xalid Hüseyninin kitabını 19.90 avroya satırdılar. Hələ ki, almamışam ancaq o kitabı. Ümid edirəm ki, ala biləcəm evə gələnə qədər.
Amsterdamda velosiped və motosikl infostrukturu dəhşət inkişaf edib. Hər kəsin demək olar ki, velosipedi var. Yolda gedərkən onların yoluna çıxmaq rahat şəkildə yol qəzası anı yaradır.
Mərkəzdə gəzərkən bizim kimi bir turist bizə yaxınlaşaraq mərkəzi meydanda pulsuz vegetarian yeməkləri verdiklərini və istəsək biz də o karnavala qoşula biləcəyimizi bildirdi. Yemək yemişdik ancaq karnavala görə yolumuzu o meydandan saldıq. Hindistan tərəfin hansısa dini ayini ilə bağlı meydanı onlara vermişdilər. Onlar da iri bir çadır quraraq hər kəsə milli yeməklərini verirdilər. Bizimkilərin dolma söhbəti kimi. Bizimkilər həm də avropanı kürüyə tutublar. Ancaq hindistanlıların yeməyi elə də ciddi bir şey deyildi. Yeməyin daxilində kartof, lobya, düyü və hansısa sousdan ibarət idi. Adını da “karma” qoymuşdular yeməyin. Bir nimçə alıb kənarda dadına baxdıq elə də bəyənmədim. Ancaq sağ olsunlar hind yeməyinin də dadına baxdım bu səfərimdə.
Burdan üzümü bizim diasporanın başında oturan qalstuklu kişilərə, bakira qadınlara tutub bildirirəm ki, siz də həftəsonlarında dolma günləri keçirin. Turistlər də dolmadan yeyib feyziyab olsunlar. Bu da olsun sizin üçün PR.
Bir məsələni qeyd edim ki, avropada azərbaycanı iki cür tanıyırlar.
Birincisi deyirlər ki, Azərbaycan Venezuela, Boliviya, Ekvador kimi ölkələrdən də aşağı bir ölkədir. Neftlərini ucuz alana qədər hər şey yaxşıdır. Nefti, qazı, ucuz aldıqdan sonra “koy götüne rahvan gitsin” məsəli işə düşür.
İkincisi isə, eurovisionun Bakıda keçirilməsi PR olaraq çox kömək edib. Azərbaycan deyəndə o dəqiqə eurovision deyirlər. Amma yenə də heyf o xərclənən milyonlara.
Nəisə.
Artıq axşam düşürdü və mən Amsterdamı tərk etməli idim. Şəhəri tərk edən 1 milyon turistdən biri olaraq statistikaya düşəcəkdim. Bizi Amsterdema gətirən maşına minəndə içimi dəhşətli bir kədər bürüdü. Ancaq özümə söz verdim ki, yaxın 2-3 ildə mütləq hollandiyaya köçəcəm birdəfəlik. Amsterdama növbəti səfəri isə qış aylarına yenidən edəcəyəm bu da verilmiş qərarlardan biri idi.
Qarşıda isə məni növbəti səfər Almere City səfəri gözləyirdi.
Almere City
Almere haqqında deyim ki, bu şəhər Hollandiyanın ən modern və yeni şəhəridir. Kiçik Amerika da deyirlər bu şəhərə. Mən bu şəhərdə cəmi iki gün qaldım və heyran oldum bu şəhərə. Bu şəhərdə yaşayan adamlar qocalmazlar. Məni bu şəhərdə qonaq edən qohumum Natiq bəyin 51 yaşı var. Şəklini paylaşaram görərsiz ki, hamımızdan gözəl, cavan, özünə baxımlı qalıb. Mənim atamdan  bir-iki yaş kiçikdir ancaq atamla yanaşı dayansa atamın oğlu kimi görünər.
Almere də bir çox holland şəhəri kimi kanallar üzərində qurulub. Hər tərəf yaşıllıq və su. İnsanın yaşaması üçün hər bir şey var.
Mən bu şəhəri çox sevdim. Hətta facebookda status yazdım ki, “yaşaya biləcəyim şəhərlər sırasına Tiflis, Amsterdamdan sonra Almere City – də əlavə edildi”.
Sizin üçün şəhəri təsvir edə bilmirəm. Şəkilləri paylaşaram baxarsız.
Hamıya uğurlar.
26 avqust 2013 dağılmış Avropada hardasa.
Etibar Salmanlı (Etibarlı)
Ps.  3 gündür internetə çıxışım yenə də yoxdur. Ona görə üzrlü sayın dostlar.
Pss. Növbəti yazımda isə Alkmaar, Luksemburq City, Brussel və bir neçə alman şəhəri haqqında fikirlərimi, müşahidələrimi yazacağam

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma