Balaca, qırmızı paltarlı qız – HEKAYƏ


Doğulmamış qızıma həsr edirəm…
Adi günlərdən biriydi. O, hər zaman olduğu kimi universitet auditoriyasında, ən sonuncu sırada oturmuşdu. Birinci dərs fəlsəfə dərsiydi. Dərsdə zamanı Elmlər akademiyası metrosunun çıxışındakı qəzet köşkündən aldığı “Azadlıq” və “Futbol+” qəzetlərini oxumağa başladı. Müəllim anladı ki, onun fikri qəzetlərdədir, dərsə qulaq asmır. Və ona yaxınlaşıb, auditoriyanı tərk etməyi xahiş edəndə gənc etiraz etmədən, səssizcə qəzetlərini götürüb dəhlizə çıxdı. Dərsin bitməyinə isə bir saatdan çox vaxt var idi.
Aşağıya düşüb universitetin çayxanasında oturdu. Fikri qəzetlərdə idi, oturduğu masaya sonradan digər fakültədə oxuyan dostlarının əyləşdiyinin fəqinə belə varmamışdı. Dostları uşaq evinə gedəcəkdilər, onun isə bu cür süni xeyriyyəçiliyə marağı yox idi. Dostları ona təklif edirdi ki, bu xeyriyyə aksiyasına qoşulsun. O isə heç kəsə kömək etmək həvəsində deyildi, əksinə, onun özünün daha çox diqqətə və qayğıya ehtiyacı var idi. İşlədiyi müxalifət qəzetindən onsuzda maaş almırdı. Yazılarının çap olunduğu idman qəzetindən aldığı qonarar isə yol pulu və siqaretə güclə çatırdı. Xeyriyyəni edənlər isə atalarının milyonlarından bir zərrəsini həmin aksiyaya verəcəkdilər. Vicdanlarını rahat edib, bəlkə də imic yaradırdılar. Hər halda onların nə istədiyini dəqiq bilmirdi. Ancaq səbirlə qulaq asırdı, dinləmək qabiliyyəti varıydı. Ən azından gələcək jurnalist bu tip mövzulardan yeni bir mövzu axtarırdı özünə. Hər hansısa yeni bir mövzu onun üçün yeni qonarar deməkdi.
Dostları bu dəfə təkidlə, həftəsonu onlarla birlikdə uşaq evlərinin birinə getməyi israr etdilər. Gənc əvvəllər birdəfə artıq etiraz etmişdi getməyə. Ancaq birdən qonarar məsələsi ağlına batdığından budəfəki təkliflə razılaşdı.
Həftəsonuuşaq evinə planlaşdırılan ziyarət haqqında unutmuşdu. Onsuzda problemlərin hədsiz dərəcədə çox olması və bu fikir içində hansısa xeyriyyə ziyarətin unudulması onu elədə narahat etmirdi. Bir neçə gün öncə yazdığı yazının qonararını almışdı, pul cibindəydi artıq.
Ertəsi gün sabah, yuxudan telefonun zənginə ayıldı. Zəng edən dostlarıydı, aksiyaya yollanmaq üçün öncədən müəyyən olunmuş görüş yerində onu gözlədiklərini dedilər.
Gənc verdiyi sözü xatırlayıb cəld yatağından qalxdı. Paltarlarını geyinib öncədən müəyyən olunmuş ünvana yollandı. Görüşə bir xeyli gecikmişdi. Gecikmə səbəbini isə yatıb qalması ilə izah etdi. Amma öz-özünə mızıldanmağa başladı ki, “Gəl indi bunlara başa sal ki, bütün gecəni yatmadan başqası üçün qəzetə yazı yazmışam”.
Və beləcə dostlar onlar üçün xüsusi ayrılmış avtobusa doluşaraq uşaq evinə yollandılar. Uşaq evi onun yaşadığı yerdən çox da uzaqda deyildi. Yolboyu yoldaşlarına nəzər salaraq, onların heç birinin xeyriyyəçiyə bənzəmədiyinə bir daha əmin oldu. Yadına bu söhbətlərin başladığı ilk gün düşdü. Universitetdə rüşvət verib qiymət yazdıran, gündə bir maşın dəyişən, şəhərin ən bahalı butiklərindən alış-veriş edən insanların ayda-ildə bir dəfə yadlarına uşaq evindəki ailələri tərəfindən tərk edilmiş uşaqlar və ya son günlərini yaşayan qocaları ziyarət edib süni xeyriyyəçilik etmələri ona qəribə gəlirdi.
Avtobus uşaq evinin qarşısına dayandı. Lakin o, avtobusdan düşmək istəmirdi, nəyinsə baş verəcəyi qorxusu vardı içində. Beynində olan fikirlərin, düşüncələrin hər zaman başına gəldiyini müşahidə etmişdi. Adını unutduğu bir mahnıdakı fikr onu rahat buraxmırdı: “Ağlıma gələnlər başıma gəldi”.  İndi isə bu fikirlərin beynində dolanması onu məcburən avtobusda oturmağa vadar edirdi. Gözlənilməz bir hadisə ilə qarşılaşacağını hiss edirdi. Lakin, cəsarətini birtəhər toplayaraq könülsüz  addımlarla avtobusdan düşdü, uşaq evinin həyətində dayanmış, universitet dostlarının yanına getdi.
Ziyarətinə gəldikləri uşaqlar isə yatmışdı, yuxudan oyanmalarını gözləməkdən başqa çarə qalmırdı. Ona qədər oturub çay içərək, stol arxasında söhbətlər etməyə başladılar. Masa arxasındakı ortaya atılan mövzu ona yad idi, o heç bir zaman hansısa maşının gömrük qiymətindən kiminləsə söhbət etməmişdi.
Darıxırdı… Əslində artıq bura gəlməyinə peşmanıydı.  Ətrafında diqqətini cəlb edəcək maraqlı bir hadisənin baş verməməsi onu daha da sıxırdı. Beynində hərlənən fikirlər onu rahat buraxmırdı.Artıq fikirlər onu məğlub etməyə başlayırdı. O isə hələ məğlubiyyətlərə hazır deyildi. İçindəki boşluqdan darıxırdı, darıxdıqca da siqaret qutusu getdikcə boşalırdı. Siqaret qutusunun boşalması onu bu haqda da fikir çəkməyə məcbur edirdi. Çünki gecə yeni siqaret almalı olacaqdı. Evdə qalıb yatsaydı, və ya yazı yazsaydı darıxmayacaqdı, darıxmadıqca da siqaret çox çəkməyəcəkdi. Beləliklə də, yeni siqaret almaq məcburiyyətində də qalmayacaqdı.
Bu tip fikirlər içində bğularkən, birdən uşaq evinin tərbiyəçilərdən  biri onlara tərəf səsləndi. Hamı uşaqların səhər yeməyi yedikləri yeməkxanaya tərəf yollandı. O isə hamıdan arxada irəliləyirdi yeməkxana tərəfə, öz fikirləri ilə bir yerdə.
Yeməkxanaya daxil olanda uşaqların onları gözlədiklərini gördülər. Uşaq evinin tərbiyəçiləri onları ziyarətçilərinin olduğu müjdəsini artıq çoxdan vermişdi. Əslində isə uşaqlar onları gözləmirdilər, onların gətirdikləri ərzaq və hədiyyələri gözləyirdilər. Ancaq o özünü pozitiv düşünməyə vadar etirirdi, hələ də tam səmimiyyətiylə inanırdı ki, uşaqlar Bakıdan tələbələrdən gələn mərhəmət gözləyirlər. Gözünün qarşısında çox qəribə bir mənzərə yaranmışdı. Uşaqlar isə yerindən tərpənmirdi. Heç kim onlara yaxınlaşmırdı.
Burada 4-8 yaşlı  uşaqlar arasında sanki dəmir intizam yaradılmışdı. Həqiqətən çox maraqlı bir vəziyyətdə idi. Tələbələrin onlar üçün gətirdikləri, masalar üzərinə düzülmüş müxtəlif yeməklərə, sulara hətta oyuncaqlara belə əllərini vurmurdular.
Tərbiyəçilərdən birinin uşaqlara “yeməyə başlayın” deməsi ilə, uşaqlar səhər yeməklərini yeməyə başladılar. Sonra tələbələ uşaqlarla həyətə çıxıb onlarla söhbətləşməyə, hətta oyun oynamağa çalışdılar. O isə heçbir reaksiya göstərmədən uşaqlara baxır, onların hərəkətlərini hətta danışıqlarını belə müşahidə edirdi.
O bayaqdan  təqribən 3 yaşında olan, qırmızı paltarlı balaca bir qızın dostlarından kənarda öz oyuncağı ilə oynamasına baxırdı. Uşağa yaxınlaşdı, əli ilə saçını oxşadı. Balaca qız sakitcə başını qaldırıb ona baxdı.
Ona hər zaman deyirdilər ki, gözlərin kədərlidir. Şəkillərdə çox fikirli düşürsən. O bu fikirlərlə razılaşmırdı. Uşağın gözlərinin içinə baxdı. Və indi hiss etdi ki, ona dostları niyə belə deyir. Uşağın  3 yaşı ancaq olardı. Lakin gözlərindəki kədəri görmək üçün elədə ciddi insan psixologiyasını bilmək lazım deyildi. O günün yerdə qalan hissəsini uşaq evinin bir qırağında oturaraq qırmızı paltarlı qıza tamaşa elədi. Uşaq onu, bütün problemlərindən, beynindəki fikirlərdən uzaqlaşdırmışdı.
İçində buraya gəldiyinə görə sevinməyə başladı. Darıxmağı keçib getmişdi, uşaq onda pozitiv enerji yaratmışdı.
Ancaq hərdən düşünürdü ki, səhər ürəyinə gələn fikirlər nə yaxşı ki, başına gəlmədi.
Uşaqlar axşam yeməyi üçün yeməkxanaya yollananda, hamı uşaqların onların gətirdiyi yeməkləri necə iştahla yediklərinə tamaşa edirdi.
Onun fikri hələ də qırmızı paltarlı qızda qalmışdı. Kənardan dayanıb ona tamaşa edirdi. Uşaq demək olar ki, heç nə yemirdi. Birdən uşaqla baxışları toqquşanda gənc özünü pis hiss etdi. İki kədərli insanın baxışı toqquşanda, sonradan nələrin olacağını heçkim düşünə bilməz.
Uşaqlar yeməklərini yedilər, artıq hava qaralmaq üzrəydi. Xeyriyyəçi tələbələr evə getməli idilər.
Günün bitdiyini düşünərək çıxış qapısına tərəf gedəndə, həmən balaca qırmızı paltarlı qızın onun yanına qaçması hamını təəccübləndirdi. Uşaq ayağından yapışıb onu da özü ilə evə aparmasını istəyirdi. Ətrafdakılar da maraqla bu mənzərəni izləyirdi. O isə əvəzində sabah yenidən buraya gələcəyini, onunla burada bugünki kimi maraqlı vaxt keçirəcəyini anlatmağa çalışsa da, balaca, qırmızı paltarlı qız ancaq bir söz deyirdi:
“Məni də apar!”
 O çıxılmaz vəziyyətdə id. Tərbiyəçilərdən icazə  ala bilsəydi uşağı bir günlük evlərinə aparardı. Ancaq icazə almaq mümkün deyildi. Fikirləşdi ki, ən azından anası uşağın qayğısına qala bilər. Tərbiyəçilərdən güc bəlayla icazə alıb balaca, qırmızı paltarlı qızla yaxınlığdakı dükana gedib ona şokolad, saqqız və s. alsa da, qızın ağlamağı dayanmırdı.
O dostlarını yola salıb özü uşağın yanında qalmağı qərara aldı. Gecə hamı yuxuya getsə də,həmin balaca qız gecə yarısınadək yatmadı. 3 yaşı olsa da bilirdi ki, gənc onu nəvaxtsa yalnız qoyub gedəcək. Axırda gecəyarısından bir az keçmiş gəncin barmağından tutub yuxuya getdi. O, təqribən bir saat uşağın üzünə tamaşa etdikdən sonra, uşaq evini tərk elədi. Bir daha addımını atmadı o səmtlərə. Çox təsirlənmişdi, həmin gün yaşadıqlarını unuda bilmirdi. Onsuzda duyğusal insan idi, indi isə düşdüyü durumu vicdanına anlada bilmirdi. Həqiqətən də ağlına gələnlər başına gəlmişdi gəncin…
Üstündən illər keçsə də gənc hələ də o uşağı düşünürdü, harda olduğunu, nə etdiyini və s. Hər zaman insanların istəklərini dinləyirdi, dostlarının bir istəyi ona qəribə gəlirdi. Yeni evlənən dostlarının ən böyük arzusu idi ki, oğlan övladları olsun. Bu fikir ona çatmırdı heç.
Yaşadığı cəmiyyətdə bu fikir üstünlük təşkil edirdi. Hər kəs oğlan övladına bir nəsil artırma maşını kimi baxırdı. Bu cür fikirlər onu fikir burulğanına salırdı. O, on il əvvəl gördüyü o, 3 yaşlı balaca, qırmızı paltarlı hələ də qızı unuda bilmirdi. Onun, “məni də özünlə apar”  sözləri yadından çıxmırdı.
Gənc o uşağı yenidən görməyi arzulayırdı. Ətrafında gördüyü balaca qız uşaqlarında o qırmızı paltarlı qızı  görmək istəyirdi. O qız gəncin bütün həyatını dəyişmişdi. Həyata baxışını dəyişmişdi.
Gələcəkdə ailə qurarsa övladının qız olmasını istəyirdi. Fikrini dostlarına deyəndə hamı ona qəribə baxırdı. Əslində isə dostlarının fikirləri onu qətiyyən maraqlandırmırdı. O sadəcə öz arzusunu onlarla paylaşırdı. Sakitcə öz həyatını yaşayırdı, yad fikirlərdən, ictimai qınaqdan çəkinməyərək. Hər insanın öz səhvləri, öz doğruları olduğuna, hər kəsin öz hərəkətlərinə görə cavab verəcəyini düşünürdü.
Gənc bir neçə il sonra evləndi. Həyatın onun üçün maraqlı nələrsə hazırladığını anlamadan öz həyatını qururmağa çalışırdı. Hərdən keçmişini də yada salırdı. 3 yaşlı balaca, qırmızı paltar geyinmiş qız haqqında həyat yoldaşına da söz açmışdı. O balaca qızın arxasınca getmək istəyirdi. İllər keçmişdi, lakin bu balaca şəhərdə o qız hələ də onun rastına çıxmamışdı.
Əslində o bu balaca Bakı şəhərində həmin 3 yaşlı qızı itirmişdi. Zaman sürətlə keçsə də, gənc artıq yaşa dolsa da balaca qız övladı arzusu da reallaşmırdı. Sanki həmin 3 yaşlı balaca, qırmızı paltarlı qızı yenidən görmək arzusu ilə bərabər, qız övladı sahibi olmaq şansını da itirmişdi.
İllərin  sürətlə keçir, o artıq qocalırdı. Övlad arzusu da, onunla birlikdə qocalırdı. Artıq heç kimi axtarmır və arzulamırdı. Gənc ikən uşaq evindəki həmin balaca qızı evlərinə gətimədiyi gün onu itirdiyini anlamışdı. İndi o gənc qocalıb. Uzandığı yataq artıq onun ölüm yatağı da adlana bilər. Özünü nə qədər də aldatsa belə, hiss edirdi ki, qəlbinin  dərinliyində, hələ də qırmızı paltarlı qızı sonuncu dəfə görmək , zamanı geriyə alıb, onu ailəsinin bir üzvünə çevirmək istəyirdi. Artıq gec olduğunu, anlasa da, yenə də bu istəyinə son verə bilmirdi.
Ölüm yatağında can verərkən, həyat yoldaşı əlindəki dərmanı ona uzadan zaman qoca,sanki gözlərinin qarşısında həmin balaca, qırmızı paltarlı 3 yaşlı qızı görürdü. “Uşaq” dərmanı yerə ataraq dərman üçün açılmış əlin yenə o barmağından tutaraq “gəl evimizə gedək” dedi. Qocanın gözləri əbədiyyən qapandı.
O, balaca, qırmızı paltar geyinmiş 3 yaşlı qız ilə evinə gedirdi.İllər öncə gedə bilmədikləri yerə…
02-03 mart
Etibar Salmanlı (Etibarlı)
Mənbə : Publika.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma