Ramin DEKO: Elxan dayıdan yadigar fotolar


Sıramızdan daha biri getdi. Bir ay öncə Şahini yola saldıq. Bir həftə əvvəl Elçin Səlcuqun getməsinin bir ilini andıq. İndi də Elxan dayını itirdik. Hadisələrin ən önündə olan biri getdi sıramızdan.

Əgər Elçin Səlcuqun ölümünü çoxları bilib və gözləyirdisə, Şahinin qəfil vəfatı əksəriyyətini sarsıtdı. Elxan dayının getməsi isə lap bizə od qoydu.

Artıq öyrəşmişik…

Həm də öyrəşmişik ki, ildə və yaxud iki ildən birini itirməyə. Amma iki ayın içərisində üç dəfə hüznə düşməyə alışmamışdıq. Bu da oldu…

***

Mən yaşca özümdən böyüklərə BƏY deyə müraciət edirəm. Bir-iki nəfər var ki, onlara müəllim deyirəm. “Müəllim” kəlməsi beynimdə rüşvətxor, tələbənin semestr puluna göz dikən, şagirdin qiymətini kəsib yanına repititor kimi gəlməyə vadar edən şəxs kimi canlanır. Ona görə hörmət əlaməti olaraq az saylı şəxsə müəllim deyirəm. Onlar da mənim üçün yaddaşımda assosativ dığırlanan “Müəllim” deyillər. Həyatda isə iki nəfərə dayı deyirdim. Emin dayı və Elxan dayı… Onlar mənim üçün nə MÜƏLLİMdirlər, nə də BƏY… sadəcə DAYIlarımdır…

***

Bəli, düz eşitdiniz Elxan dayı da getdi. Səssiz, səmirsiz…

***

İlk dəfə Elxan dayının adını Seymur Həziyevin müsahibəsindən eşitdim. “Xalq Jurnalistikası” projesində Turxan Qarışqa Seymura belə bir sual ünvanlamışdı: “Niyə özündən razıdır? Buna səbəb nədir?”. Seymurun cavabı belə idi: “Bu hakimiyyətə qarşı ritorikamda, xitabımda mən özümdən razıyam, bunu da əqidəmin gərəyi sayıram. Mən fotoqraf Elxanın qarşısına qaçıb onunla salamlaşmağa, əhvalını soruşmağa necə hazıramsa, harınlamış bir məmuru adam yerinə qoymamağa da eləcə hazıram”.

Çox qəribə gəldi mənə, harınlaşmış məmuru adam yerinə qoymayan bir insan, fotoqraf Elxanın (dayının) qarşısına qaçıb salamlaşmağı özünə rəva bilir. Mənə hələ doğma olmayan bu şəxsin kimliyi ilə maraqlananda Seymurdan “o başqa aləmdir, çox gözəl insandır” cavabını aldım.

***

İlk dəfə onunla görüşüm hərbi xidmətdən qayıdandan sonra oldu. Turxanı soruşdum. Dedi ki, Amerikadadır, dil öyrənməyə gedib.

Bundan sonra hələ neçə illər yadigar qalacaq kürəyimdəki ağrıların səbəbini soruşdu, cavab almadan “Turxanın xalası yoldaşının tanışı var, o, sənə kömək edər” – deyərək birlikdə mətbuat konfransına getdik. Bu mənim Elxan dayı ilə ilk və ən qısa söhbətim idi.

***

Bir dəfə İsmayıllıdan reportaj hazırlamışdım. Yazını oxuyub daha yaxşı faktlar verəcəyini bildirdi. Görüşdük, ifşaedici məlumatlar burulğanına məni saldı. Gənc reportyor üçün bundan gözəl nə ola bilər. Hazır yazı get yaz… Elə yazdım da…

Hər dəfə onu görəndə mənə bunu deyirdi “filan yerdən yazdığın reportajın ardını mən gətirə bilərəm. Tanışım var o yerlərlə bağlı əlavə sənə sənədlər verər. Daha spesifik işləyə bilərsən”. Donub qalırdım. Reportyor mənəm, yoxsa Elxan dayı… Və beləcə hər yazımdan sonra ARDI VAR cümləsini işlədirdim. Bilirdim ki, Elxan dayı növbəti yazıya kömək edəcək…

Çünki hamımızda öndə o idi…

***

Klaviaturanı döyəcləyə-döyəcləyə “Media açarı”na sarı baxıram. Rəngi qaçmış açarın yanındakı şəkil gözlərimi deşir. Tanış şəkildir. Orada özümü görürəm. Arxadakı fonda isə…

Şəkili Elxan dayı çəkmişdi. Deyirdi ki, hər dəfə tədbirlərdə çəkdiyi şəkilləri çıxarıb sahiblərinə verir. Özü də təmannasız.

Çantasında yüzdən çox şəkil olurdu, həmişə… Kimi görürdüsə şəkli olduğunu söyləyirdi. Və həmin şəkillər ondan bizə qalan YADİGAR idi…

***

Bir dəfə də çayxanada söhbət edirdik. Əzizlə Turxan yenə Amerikaya getmişdilər. Tək idi. Darıxırdı…

Darıxmamaq üçün yenə söhbəti Turxandan saldım. Dedi ki, kənar adamlar tədbirlərdə elə bilirlər ki, Turxanla biz dostuq. Bunu özüm istəmişəm. Həmişə çalışıram ki, övladlarımla DOST olam. İnsan ATA kimi övladları ilə rəftar edəndə aralarında o qədər səmimiyyət olmur. DOSTların arasında gizli nəsə ola bilməz. Hətta bununla bağlı mənə bir əhvalatda danışdı: “Tədbirlərin birində Turxanla mübahisə edirdim. Kənardan ötən birisi ona yaxınlaşıb “oğlun yaşda uşaqdır, niyə mübahisə edirsən söylədi. Heç nə demədik ona sadəcə güldük…”.

Həqiqətəndə elə idi. Nə Turxan, nə də Əziz Elxan dayının yanın da sıxılmırdılar. Çox sərbəst idilər.

***

Getdi artıq. Üzüntü, sarsıntı, kədər yenə bizi ağuşuna alıb. Hamıdan öndə olan biri getdi.

Daha heç kim tədbirlərdə çəkdirdikləri şəkillərin yadigar qalacağını düşünməsin. Yalnız Elxan dayı çəkdiyi şəkilləri YADİGAR kimi bizlərə verə bilirdi. Başqaları, elə Turxan özü belə ən yaxşı halda şəkilləri internetlə yollayır. Onlar isə heç vaxt YADİGAR qala bilməz…

***

Yaşasaydı, dekabrın 28-də 62 yaşı tamam olacaqdı. Amma ürək nahiyəsində ağrılar ona imkan vermədi…

Yaşasaydı, 2011-ci ili öz əsrarəngiz fotoları ilə qarşılayacaqdı…

Yaşasaydı, mənim də reportajlarımın ARDI VARı olacaqdı…

Yaşasaydı, YADİGAR şəkillərimizin sayı çox olacaqdı…

Yaşasaydı…

ramin.deko@gmail.com

20.12.2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma